"Həmin epizodda onun irəli çıxması səhv qərar idi".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq qapıçısı Vərhad Vəliyev "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Şahruddin Məhəmmədəliyevin rəqibin bərabərlik qolundakı səhvi barədə danışarkən deyib.
42 yaşlı keçmiş qolkiper karyerası ərzində özünün də belə hadisələrlə üzləşdiyini bildirib: "Hər qapıçının səhvi olur, bunlar qaçılmazdır. Şahruddin həmin epizodda istəyirdi ki, çıxsın, topu uzaqlaşdırsın və komandasına kömək etsin. Top cərimə meydançasının xəttində və qapıdan uzaq idi. Oradan başla zərbə də gəlsəydi, qapıçı onu dəf edə və ya tuta bilərdi. Düşünürəm ki, Məhəmmədəliyevin irəli çıxış qərarı səhv idi. O səhvdən də "Qarabağ" qapısında qol gördü".
Hazırda "Zirə" klubunda qapıçılarla iş üzrə məşqçi vəzifəsində çalışan mütəxəssis məğlubiyyəti bir nəfərin üstünə yıxmağın düzgün olmadığını söyləyib: "Qarabağ"ın Çempionlar Liqası ilə vidalaşmasını tək Şahruddinin adına yazmaq olmaz. Bu, bir səhvdir, bütün oyunçuların başına gələ bilər. Əvvəlki matçlarda Məhəmmədəliyevin yaxşı oyun sərgiləməsinin şahidi olmuşuq. O, komandasını dəfələrlə qollardan xilas edib. Uduzanda ümumi kollektiv məğlub olur".
Vəliyev qoladək rəqibin ciddi təhlükəli epizodlarının olmadığını vurğulayıb: "Meydan sahibləri ilk dəqiqələrdən üstünlüyü ələ almışdı. Amma vaxt getdikcə "Qarabağ" oyunu bərabərləşdirdi. İlk hissənin sonuna yaxın da hesabda irəli keçdi. İkinci yarıda matçın gedişi onu göstərirdi ki, "Qarabağ" tam olaraq oyunu əlinə alıb. Şahruddinin çıxışda səhvə yol verməsi hesabın bərabərləşməsinə səbəb oldu. Qapıçı irəli çıxmasaydı, daha yaxşı olardı. O da komandasına kömək etmək istəyirdi. Bir neçə dəqiqə sonra isə rəqib ikinci qolu vurdu. "Qarabağ" qolun şokundan ayılmamış ikinci dəfə məyus oldu. Rəqib tam müdafiəyə oturdu və boşluq da vermədi. Bu səbəbdən, komandamızın hesabı bərabərləşdirmək üçün elə də ciddi şansları olmadı".
Qeyd edək ki, Fərhad Vəliyev "Qarabağ"da 2007 - 2016-cı illərdə forma geyinib.