"VAR-a hakimdən başqa şəxslərin baxması qadağandır" - PFL

15:33 - 22 Avqust 2022 - İDMAN

"Epizodun təkrarına hakimdən başqa şəxslərin baxmasına icazə yoxdur. Digərlərinin ona baxması qadağandır".

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev Premyer Liqanın III turundakı "Zirə" - "Sumqayıt" matçında mübahisəli VAR (video-köməkçi hakim - red.) epizoduna komanda üzvlərinin hakimlərlə birlikdə baxmalarına münasibət bildirərkən deyib.

Müəyyən çatışmazlıqların olmasını normal hesab edən Şahgəldiyev VAR sisteminin bu mövsümdən Premyer Liqada tətbiq olunmağa başladığını xatırladıb: "Vaxt keçdikcə, bütün məsələlər yoluna qoyulacaq. Bunun üçün hakimlərimiz təcrübə toplamalıdır. Təcrübə toplamaq üçün də çoxlu matçlar idarə etmək lazımdır. Futbol dili ilə desək, oyunçu gündə neçə dəfə məşq edirsə-etsin, bunlar bir oyunun əvəzini vermir".

Vitse-prezident sözügedən qarşılaşmanın VAR ucbatından 6 dəqiqə dayanmasına da toxunub: "Oyunun VAR-a görə dayanmasında qeyri-adi bir şey yoxdur. Təbii ki, qərarların daha sürətli verilməsini istəyirik. Amma unutmayın ki, VAR Azərbaycan çempionatında cəmi üç turdur tətbiq edilir. Təcrübə qazandıqca qərar zamanı qısalacaq, bunu özünüz də görəcəksiniz. VAR-ın tətbiq edildiyi bütün ölkələrdə eyni hallar yaşanır. Əsas məsələ ondadır ki, çıxarılan qərar dəqiq və düz olsun, görüşün nəticəsinə təsir etməsin. Fikrimcə, çəmi 3 turda VAR sistemi tətbiq edilməsinə baxmayaraq, qənaətbəxş saymaq olar".

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu qolsuz bərabərliklə yekunlaşıb.

Xəbər xətti