Qurban Qurbanov Toral Bayramovun Türkiyədən təklif aldığı iddialardan danışdı

09:42 - 22 Avqust 2022 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Toral Bayramovla Türkiyənin "Qalatasaray" klubunun maraqlandığına dair iddialara münasibət bildirib. Ucnoqta.az xəbər verir ki, 50 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında 21 yaşlı müdafiəçiyə real təklifin olmadğını söyləyib. Təcrübəli baş məşqçi kluba belə məlumatın gəlmədiyini də diqqətə çatdırıb: "Sanki futbolçunun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır. Bu da məni narahat edir. Daha çox reklam xarakterli belə iddiaları kimlərin ortaya atdığını bilmirəm. Futbolçumuzun adı birdən-birə belə böyük klubla hallanır. Hamımız buna şad olarıq və sevinərik. Amma məncə, hər şeyə ciddi yanaşmaq lazımdır. Ciddi olduqda həm klub, həm də futbolçu düzgün qərar verə bilir və daha doğru düşünməyi bacarır. Belə şayiələr yalnız futbolçunun ziyanınadır. Ona ziyan verirsə, kluba da təsir edir". Qurbanovun sözlərinə görə, bu cür xəbərlər futbolçunu yaxşı oyundan uzaqlaşdırır: "Ediləcək bir şey yoxdur. Dəfələrlə belə hallar baş verir. Öz təcrübəmə əsasən deyirəm ki, gənc oyunçularla bağlı bu cür xəbərlər çıxdıqda müəyyən müddət öz yaxşı formasından uzaq olurlar". Qeyd edək ki, Doğan Xəbər Agentliyi "Qalatasaray"ın Toral Bayramovun meneceri ilə danışıqlara başladığını bildirib. 21 yaşlı sol cinah müdafiəçisi ilə Türkiyə Super Liqasından "Kayserispor" və I Liqadan "Eyüpspor"un da maraqlandığı da iddia olunur.///report

Xəbər xətti