Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşan "Qarabağ" ilk oyunu 0:0 hesablı heç-heçə ilə başa vurdu. Cavab matçı avqustun 23-də Plzendə keçiriləcək.
Azərbaycan millisinin və "Real Betis"in sabiq futbolçusu Vəli Qasımov Fanat.az-a açıqlamasında "Viktoriya" ilə oyunlar barədə fikirlərini bölüşüb:
"Sözün açığı, "Viktoriya"dan bu dərəcədə qapalı oyun gözləmirdim. "Qarabağ"ın adət etmədiyi fiziki futbol nümayiş etdirdilər. Zubiri tam olaraq nəzarətə götürmüşdülər. Elə Kadiyə də oynamağa imkan vermirdilər. "Qarabağ" sağ cinahdan təhlükə yaratmaq istəyirdi, amma heç nə plana uyğun getmirdi. Yəni rəqib komanda "Qarabağı" yaxşı analiz etmişdi və müdafiədə möhkəm idi. Onlar yalnız standart vəziyyətlər və əks-hücumlara bel bağlamışdılar. Düşünürəm ki, Çeiya təmsilçisi öz meydanlarında keçiriləcək cavab oyununa da belə bir üslubda çıxacaq. Yenidən xoşbəxtçiliyi əks-hücum və standart vəziyyətlərdə axtaracaqlar.
Ümidvaram ki, Qurban Qurbanov rəqibin belə oyunu üçün nəsə fikirləşəcək. Amma ümumilikdə baxsaq, "Qarabağ"ın öz oyun üslubu var. Onlar qlobal olaraq nəyisə dəyişməməlidirlər. Belə bir oyunla da uğur qazanmaq olar. Mən düşünürəm ki, "Qarabağ" növbəti mərhələyə keçməyə daha çox layiqdir. Fikrimcə, ÇL-in qrup mərhələsinə adlayan tərəf biz olacağıq".