"Qarabağ"ın güclü və zəif tərəflərini bilirik" - Çerçesov

20:50 - 2 Avqust 2022 - İDMAN

"Biz rəqibi, onlar da bizi analiz edir. Bir-birimizin güclü və zəif tərəflərini bilirik. Amma indi bunu açıqlamayacağam. Oyun sabahdır və matç zamanı bütün amilləri nəzərə almalıyıq. "Qarabağ" çox güclü komandadır".

"Report"un məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, sabahkı oyunda favorit yoxdur: "Slovan"a evdəki matçda uduzmuşduq. Ona görə rəqib favorit hesab olunurdu. Sabah isə hər şeyə yenidən başlayacağıq. "Qarabağ" ev, biz isə qonaq komandayıq. Bu mənada, müəyyən üstünlük ola bilər. Amma kimisə favorit adlandırmazdım. Oyun hər şeyi göstərəcək".

59 yaşlı baş məşqçi "köhlən atlar"a qarşı görüşdə hansı oyun üslubuna üstünlük vermələrinin rəqibdən asılı olacağını söyləyib: "İlk növbədə, komandamızın müəyyən oyun üslubu var. "Qarabağ"ın bizə nə dərəcədə oynamaq imkanı yaradacağından da çox şey asılıdır. İnanıram ki, baxımlı oyun olacaq".

Çerçesov Qurban Qurbanovun 14 ildir "Qarabağ"ın sükanı arxasında olmasına da toxunub: "Bir vəzifədə uzun müddət qalmaq üçün işini sevməli və mükəmməl səviyyədə bilməlisən. Həmçinin, uğur qazanmağın yollarını bilmək önəmlidir. Eyni zamanda, komandanı sevmək və klub rəhbərliyini nəticələrlə razı salmaq lazımdır".

O, zədəli futbolçu Frank Bolinin son durumundan da söz açıb: "İki gündür komanda ilə birlikdə məşq edir. Ümid edirik ki. sabahkı matçda meydana çıxacaq".

Təcrübəli mütəxəssis "Qarabağ"ın ardıcıl 8 il avrokubokların qruplarda oynamasını komandanın səviyyəsi ilə əlaqələndirib: "Rəqibdən çəkinmək yox, ona qalib gəlməyin yollarını öyrənmək lazımdır".

Çerçesov komandasının cavab oyunlarında daha yaxşı təsir bağışlaması ilə bağlı suala isə belə cavab verib: "Məsələ onda deyil ki, biz ilk oyunda rəqibi öyrənir, sonra daha yaxşı oynayırıq. Adətən bütün suallara ikinci qarşılaşmada aydınlıq gəlir. Elə olub ki, ilk matçda qalib gəlmişik. Hər şey iki oyunun nəticəsindən asılıdır".

Baş məşqçinin sözlərinə görə, Rusiya mətbuatının "Ferentsvaroş"un oyununa bu qədər maraq göstərməsində qeyri-adi heç nə yoxdur: "Komandamız Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdiyi üçün ona maraq böyükdür".

O, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada məşhur olduğunu vurğulayıb: "Burada bir neçə dəfə oynamışam. Sonuncu dəfə Moskva "Lokomotiv"inin heyətində "Neftçi"yə qarşı çıxış etmişəm. Həmin görüş 1:1 hesabı ilə başa çatmışdı və səhv etmirəmsə, rəqibin qolunu İqor Ponomaryov penaltidən mənim qoruduğum qapıdan keçirmişdi".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Xəbər xətti