"Oyunun çətin olacağını gözləyirdik. Bilirdik ki, meydanda ən yaxşı oyunumuzu göstərməliyik. Bunu bacardıq və sərfəli nəticə ilə geri döndük".
Ucnoqta.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı yarımmüdafiəçi cəzalı duruma düşdüyü üçün Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin ilk matçını buraxacaq. 26 yaşlı oyunçu buna görə məyus olduğunu bildirib: "Təəssüf ki, həmin oyunda iştirak edə bilməyəcəyəm. Avrokuboklarda hər matç çətin olur. Ümid edirəm ki, məni əvəzləyəcək futbolçu ən yaxşı oyununu göstərəcək və yoxluğum hiss olunmayacaq".