"Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Görüşə ciddi hazırlaşmışıq".
Bunu Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris evdə "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis "qırmızı-qaralar"ın yoxlama matçlarını yaxından izlədiklərini bildirib: "Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu. Orada Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, "Qəbələ" fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik".
Almaniyalı baş məşqçi sabahkı qarşılaşma üçün start "11-liy"ini demək olar ki, müəyyənləşdirdiyini söyləyib: "Start heyətində əsasən Türkiyə "Qalatasaray"ına qarşı yoxlama matçınının ilk hissəsində meydana çıxmış futbolçulara şans verəcəyəm. Amma 2-3 dəyişiklik olacağını da istisna etmirəm".
Qeyd edək ki, iyulun 21-də "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq./report