"Sabahkı oyuna yaxşı hazırlaşmışıq" - Canni De Byazi

20:51 - 12 İyun 2022 - İDMAN

"Sabah Belarusa qalib gəlməliyik".

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis Millətlər Liqasına yaxşı başlamadıqlarını söyləyib: "Amma üç oyunda da yaxşı oynamışıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da yaxşı çıxış etdik. Ən azından bir xal ala bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Belarusla görüşdən sonra Qazaxıstanla oyunumuz olacaq. Son oyunda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xal toplayaq. Çoxlu imkanlarımız olur. Amma hələ ki, qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindir. Qazaxıstanla görüşdə imkanlarımız var idi, amma iki qol buraxdıq və uduzduq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü matçımıza çıxacağıq. Rəqiblərimiz də vəziyyət belədir. Sabahkı oyunda var gücümüzü qoyacağıq ki, qalib gələk".

De Byazi psixoloji vəziyyətin yaxşı olmadığını vurğulayıb: "Çünki ilk iki oyunda qol vura və qalib gələ bilmədik. Son oyunda daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır. Meydanda sona qədər vuruşmalı, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüz özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub".

İtaliyalı baş məşqçi kapitan Maksim Medvedevin durumu haqqında danışıb: "Sabah səhər yüngül məşqimiz olacaq. Vəziyyətinə onda baxacağıq. Son oyunda ayağından zədə alıb, ağrısı var. İstəyərdim ki, sağalsın, sabah bizimlə olsun. Çünki Maksim vacib oyunçudu, komandaya çox köməyi dəyə bilər"

Qeyd edək ki, iyunun 13-də keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.///report

Xəbər xətti