Bakıda yaşayış binasına ilanlar daraşıb, sakinlər təşviş içindədir - VİDEO

10:44 - 9 İyun 2022 - Cəmiyyət

Xətai rayonu ərazisində bir bina var ki, onun həyətyanı sahəsi ilanlara məskən olub. Ərazidə yaşayan sakinlər bundan qorxuya düşüblər.

Sakinlər həyətdə rahat gəzə bilmədiklərini bildiriblər.

General Şıxlinski küçə 38-də yaşayan sakinlərin sözlərinə görə, artıq bir müddətdir binaların bağ sahələrində çox sayda ilana rast gəlinir. Bu da haqlı olaraq onları narahat edir.

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan “Xəzər Xəbər”ə bildirilib ki, ilanlar insanlar üçün təhlükəli olsa da, onları kütləvi şəkildə məhv etmək olmaz.

Təvəkkül İsgəndərovun sözlərinə görə, ümumiyyətlə ilanlarla bağlı hər hansı tədbir görəcək qurum yoxdur və bunun yaradılması mütləqdir. Bununla belə, ilanlar qoxuya qarşı həssas heyvanlar olduğu üçün onların çox rast gəlindiyi ərazilərə kəskin qoxulu maddələr səpilə bilər.

İlanlarla mübarizədə ən effektiv maddə kükürd hesab olunur. Hazırda bazarlarda kükürdün bir kiloqramı 5 manata təklif olunur.

Həkimlər isə deyirlər ki, bəzən ilan sancan insana düzgün ilkin tibbi yardım göstərilmir və nəticədə ölüm qaçılmaz olur. İlan sancan insana əvvəlcə çoxlu maye verilməlidir, sancılan yerdən bir qədər yuxarı hissəyə tez-tez yerini dəyişməklə sarğılar, sancılan hissənin üzərinə isə buz qoyulmalıdır və təcili zərdab vurulması üçün həkimə müraciət edilməlidir.

 

Xəbər xətti