“Real” sehri: 8 oyunçu 8 ildə 5 dəfə Çempionlar Liqasının qalibi olub

15:09 - 1 İyun 2022 - İDMAN

Madridin “Real” komandası tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Ucnoqta.az xəbər verir ki, son beş titul cəmi səkkiz il müddətində qazanılıb. Bu da müasir futbolda inanılmaz nailiyyətdir.

Ən inanılmazı da heyətin sabitliyidir. Onun qazanılmış uğurda böyük rolu var.  Məsələn, bu ilki Çempionlar Liqasının qalibləri arasında 2014-cü il komandasından 8 oyunçu var: Kərim Benzema, Marselo, Daniel Karvajal, Luka Modriç, Kazemiro, İsko, Naço və Qaret Beyl.

Maraqlıdır ki, UEFA Kərim Benzemanı 2021/22 mövsüm Çempionlar Liqasının ən yaxşı oyunçusu elan edib. Forvard 12 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə verib. Pley-offda o, PSJ-yə üç, “Çelsi”yə dörd, “Mançester Siti”yə üç qol vurub.

"Real"in cinah oyunçusu Vinisius Junior isə Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu seçilib. O, turnirdə 13 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. Braziliyalı Çempionlar Liqasının finalında "Real"in "Liverpul"a qələbə qazandıran qolunu vurub.

Xəbər xətti