"Napoli"nin baş məşqçisi istefa versə, oğurlanmış avtomobili qaytarılacaq

10:38 - 13 May 2022 - İDMAN

İtaliya "Napoli"sinin baş məşqçisi Luçano Spalettiyə oğurlanmış avtomobilinin qaytarılacağı söz verilib.

"Report"un "Sport Mediaset"ə istinadən məlumatına görə, bu, 63 yaşlı mütəxəssisin istefası təqdirində gerçəkləşəcək.

Spalettinin "Fiat Panda" markalı maşını 2021-ci ilin oktyabrında Neapolda yaşadığı otelin parklama sahəsindən aparılıb. İndi oğrular "Napoli"yə məxsus stadion önünə "16-10-21. Spaletti, getsən, maşınını qaytaracağıq" yazılmış banner yerləşdiriblər.

Daha əvvəl klub prezidenti Aurelio De Laurentis gələn mövsüm də hazırkı baş məşqçi ilə davam edəcəklərini açıqlayıb.

Qeyd edək ki, "Napoli" mövsümün sonuna 2 tur qalmış A Seriyasında 3-cü yerdə gedir. Neapol komandası çempionluq mübarizəsindən çəkilsə də, Çempionlar Liqasına vəsiqəni təmin edib.

Xəbər xətti