Məzahir Süleymanzadə vəfat etdi

10:16 - 11 May 2022 - İDMAN

Tanınmış jurnalist, “Səhər” qəzetinin təsisçisi Məzahir Süleymanzadə vəfat edib.

Bu barədə onun qardaşı, sabiq FIFA referisi və “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov sosial şəbəkədə bildirib.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “İdman” qəzetinin xüsusi müxbiri, “Kommunist” qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.

Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin – “Səhər”in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.

Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.

Onun futbola marağı AFFA-da bir müddət mətbuat xidmətinin rəhbəri işləməsinə və aşağı yaş qrupları üzrə “Sabahın ulduzları” adlı yarışın təşkilatçısı olmasına səbəb olub. Məhz AFFA bundan sonra öz bayrağı altında aşağı yaşlı futbolçuların yarışını keçirməyə başlayıb.///oxu.az

Xəbər xətti