AFFA İntizam Komitəsi Region Liqasının Sumqayıtda keçirilən 1/4 final mərhələsinin “Cəbrayıl” – “Energetik” (Mingəçevir) oyununda baş verən insident barədə qərar çıxarıb.
“Energetik”in prezidenti Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün beş oyunluq cəzalandırılıb.
Matçın 90+3-cü dəqiqəsində hakimlər briqadasını təhqir edən və referiyə fiziki təsir göstərən Mingəçevir klubunun 3 oyunçusu – Elvin Əlizadə, Allahverdi Allahverdiyev və Tural Məmmədzadə 14 oyunluq diskvalifikasiyaya məruz qalıblar.
Eyni zamanda cəzası davam edən digər futbolçu Orxan Əlibabayev həmin dəqiqədə hakimlərə fiziki təsir göstərdiyi üçün 10 matçlıq cəza alıb.
Qarşılaşma 90+3-cü dəqiqədə yarımçıq dayandırıldığından, “Energetik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA-nın keçirdiyi Həvəskar Liqasının “Bayil Rovers” – “Çinar” (Zəngilan) oyununda da kütləvi dava baş verib. Matçın 76-cı dəqiqəsində yaşananlara görə İntizam Komitəsi “Bayil Rovers”dən Qismət Əhmədovu, “Çinar”dan isə Rəhman Veysəlov və Bilal Rəhimovu altı oyunluq cəzalandırıb.
Qeyd edək ki, hər üç oyunçu insident zamanı qırmızı vərəqə ilə meydandan qovulub.///oxu.az