UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə 1 qarşılaşma keçirilib.
İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub. "Etihad" stadionundakı görüş "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 2-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. 93-cü saniyədə fərqlənən belçikalı futbolçu turnirin yarımfinalları tarixində ən erkən qolun müəllifi olub. 9 dəqiqə sonra Qabriel Jezus fərqi artırıb.
33-cü dəqiqədə Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. 53-cü dəqiqədə Fil Foden qonaqları növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Lakin Mançester təmsilçisinin sevinci cəmi 3 dəqiqə çəkib. Vinisius Junior baxımlı qolla fərqi yenidən minimuma endirib.
74-cü dəqiqədə Bernardu Silva 4-cü topu "kral klubu"nun qapısından keçirib. Oyunda son nöqtəni isə Benzema qoyub. 81-ci dəqiqədə penaltidən fərqlənən fransalı hücumçu yekun hesabı müəyyənləşdirib.
Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.///report