Kişi boksçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyinatı rəsmiləşib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin qərarına əsasən milli komanda kubalı Pedro Rokeyə həvalə edilib.
Təcrübəli çalışdırıcı ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər bir yarışda, xüsusilə də Olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub.
Qeyd edək ki, Pedro Roke 2014-2016-cı illərdə də yığmamızı çalışdırıb. Boksçularımız onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda tariximizin ən yaxşı nəticəsinə imza atıblar. Həmin vaxt Lorenso Sotomayor (-64 kq) dörd illiyin ən möhtəşəm yarışında finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla millimizə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (-75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.
IBA-nın (əvvəlki AIBA) üç ulduzlu çalışdırıcısı olan Pedro Roke 2009-cu ildə AIBA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib. O, 1971-2004-cü illərdə Kubanın yeniyetmələrdən və gənclərdən, 2005-2010-cu illərdə əsas komandasına rəhbərlik edib. Mütəxəssis 2012-2014-cü illərdə ABŞ yığmasını çalışdırıb. 2014-2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik edən kubalı 2017-ci ildən ABŞ-da peşəkar və həvəskar boksçularla işləyir. 1992-2006-cı illərdə Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdə Olimpiya Oyunları və dünya çempionatlarında medal qazanmaq üçün onun təlimlərindən istifadə olunub. Çalışdırıcı ABŞ-da WSB liqasında iştirak edən klubda da fəaliyyət göstərib.
Pedro Roke 7 dəfə Yay Olimpiya Oyunlarına və 23 dəfə dünya çempionatına komanda çıxarıb. Onun çalışdırdığı yığmalar olimpiadalarda 32 (14 qızıl, 10 gümüş, 8 bürünc), mundiallarda 36 (18 qızıl, 6 gümüş, 12 bürünc) medal qazanıblar. Bundan əlavə, Pedro Rokenin yetirmələri yeniyetmələrin dünya birinciliklərində 30 (15 qızıl, 8 gümüş, 7 bürünc), gənclərin dünya birinciliklərində 110 (54 qızıl, 26 gümüş, 30 bürünc), Mərkəzi Amerika Oyunlarında 20 (12 qızıl, 4 gümüş, 4 bürünc), Panamerika Oyunlarında 42 (22 qızıl, 12 gümüş, 8 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.
Yığmamızın yeni baş məşqçisinin çalışdığı boksçulardan dəfələrlə Olimpiya və dünya çempionu olanlar da var. Bunlar sırasında Olimpiadanın üçqat, dünya çempionatının beşqat çempionu Feliks Savonun, həmçinin Oyunlarda 2 dəfə qızıl medal qazanan Mario Kindelan, Gilyermo Riqondo, Ronyel İqlesias, Xulio Sesar La Krus, Ariel Ernandesin adlarını çəkmək olar.
Xatırladaq ki, millimizin əvvəlki baş məşqçisi kubalı Umberto Orta Dominqes idi. O, 2019-cu ilin sonlarından Azərbaycan millisində çalışırdı.///oxu.az