İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbanın 2018-ci ildə Fransa millisinin heyətində Rusiyada keçirilmiş dünya çempionatında qazandığı qızıl medal oğurlanıb.
Bu barədə 29 yaşlı yarımmüdafiəçi "Le Figaro" nəşrinə açıqlama verib.
Təcrübəli oyunçu bildirib ki, soyğunçular çempionluq medalı ilə yanaşı, anasına məxsus qızıl-zinyət əşyalarının olduğu seyfi də aparıblar: "Məni ən çox qorxudan hadisə vaxtı iki övladımın dayə ilə birlikdə evdə olmasıdır. Dayə hər şeyi eşidib və dərhal polisə məlumat verib. Daha sonra uşaqlarla birlikdə otağa daxil olaraq qapını arxadan bağlayıb".
Qeyd edək ki, oğurluq hadisəsi "Mançester Yunayted"in evdə İspaniyanın "Atletiko" (Madrid) komandasına qarşı keçirdiyi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu (0:1) zamanı baş verib./report