Xəbər verdiyimiz kimi, futzal millimiz Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində UEFA-nın maska təlimatını pozub. Buna görə, UEFA-nın Nəzarət, Etik və İntizam Orqanı AFFA-ya 2500 avro cərimə yazıb.
Məsələ ilə bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Oxu.Az-a danışıb:
“Arenaya və oyun meydanına girişdə yerli mühafizəçilər maska və akkreditasiya vəsiqəsini yoxlayırdılar. Yəni, bizim heyətdə hamıda maska olub. Sadəcə, görünür, oyundakı nəticədən doğan emosionallıqdan irəli gələrək bizim texniki zonada oturanlardan kimsə maskasını çıxarıb. Bu da foto və ya video obyektinə tuş gəlib”.
Qeyd edək ki, karantin qaydaları millimizin İspaniya ilə 2:2 hesabı ilə başa çatan oyununda pozulub. Həmin matç yanvarın 26-da baş tutub.