Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
Yığma almaniyalı Riçard Trautmana tapşırılıb.
Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı mütəxəssis Mark van de Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.
Qeyd edək ki, Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. Trautman həmin il ölkəsində yığmanın köməkçi məşqçisi olub. Baş məşqçi 2005 - 2008-ci illərdə yeniyetmələrdən ibarət komandaya, 2009 - 2016-cı illərdə gənclərdən ibarət yığmaya, 2016 - 2021-ci illərdə isə böyüklərdən ibarət milliyə rəhbərlik edib.
Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Rotterdam klubunda başlayıb. 44 yaşlı mütəxəssis 2012 - 2016-cı illərdə ölkəsinin yığma komandasında məşqçi və baş məşqçi kimi çalışıb. Mark van der Ham 2017-ci ildə Belçikanın gənclərdən ibarət komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət millinin, 2020-ci ildə isə bütün yığmaların baş məşqçisi təyin edilib.///report