"Çətin qarşılaşma olacaq, amma mərhələni keçməyə çalışacağıq".
Bunu Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
62 yaşlı mütəxəssis bildirib ki, hər kəsin öz fikrini demək hüququ var: "Mənim əsas məqsədim komandanın inkişafıdır. Biz daha çox inkişaf etmək üçün çalışmalıyıq. "Klermon"a qarşı son çempionat matçında iki qol buraxdıq. Göstərdiyimiz oyun hesabda özünü əks etdirmirdi. Bəlkə də ən yaxşı matçlarımızdan birini sərgiləmişdik".
Sampaoli "Marsel"də olduğu müddətdə komandasının eyni üslubda çıxış etdiyini və həmişə buna sadiq olduğunu söyləyib. Argentinalı baş məşqçi futbolçuların yorğunluğunu da başa düşdüyünü sözlərinə əlavə edib: "Buna baxmayaraq sabah ən yaxşı futbolçulara güvənəcəyəm".
O, son olaraq "Qarabağ"ın hücum futbolu sərgilədiyini vurğulayıb: "Rəqibin heyətində yığma komandanın bir neçə oyunçusu var. Onlara qarşı hansısa tədbirlər görməyə çalışacağıq".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.///report