Ailə faciəsinə səbəb olan yolda “təmir işləri”nə başlandı - VİDEO

15:35 - 19 Fevral 2022 - HADİSƏ

Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən nəqliyyat hadisəsinin baş verdiyi yolda təmir işləri aparılır.

Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində yoldakı çökəkliklərə asfalt döşənir. Baş vermiş qəza ilə bağlı ötən gün yayılan görüntülərdə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə yol kənarında dəmir maneəyə çırpılıb, daha sonra körpüdən aşmışdı.

Qəzaya sürət həddinin aşılması ilə yanaşı, nahamar asfalt örtüyü də səbəb olub. Görünən odur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mövcud yolda təmir işlərinin aparılması üçün məhz bu cür dəhşətli bir qəzanın baş verməsini gözləyib.

Düzü buna təmir işləri demək də düzgün olmaz. Qurumun əməkdaşları yolun sırf çökən hissələrinə yeni asfalt örtüyü çəkirlər. Bu isə yolun yenidən çökməyəcəyinə heç də zəmanət vermir. Qeyd edək ki, qəza nəticəsində sürücü, 1985-ci təvəllüdlü Seymur Əliyev və sərnişinləri - həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.


///oxu.az

Xəbər xətti