Gəncə şəhərində bir neçə gün öncə yol kənarında əkilən həmişəyaşıl ağacların çıxarılması ilə bağlı görüntülər yayılıb. İddia olunur ki, həmin ağaclar Prezident İlham Əliyevin yanvarın 30-da Gəncəyə etdiyi səfərlə bağlı öncədən əkilib, daha sonra isə çıxarılıb.
Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər İcra Hakimiyyətinə sorğu göndərib.
İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov bildirib ki, ağacların əkilməsi və indi çıxarılması səfərlə bağlı deyil: “Həmin ağaclar bir neçə gün əvvəl əkilib. Sonra mütəxəssislər baxış keçirdilər və qərar verdilər ki, burada ağaclar əmələ gəlməyəcək. Orada torpaq səthinin altının daşlıq olduğu məlum oldu. Əvvəl hesab edirdilər ki, bəlkə tutar. Amma üstü torpaq olsa da, alt hissə daş olduğuna görə ağacların quruya biləcəyinə qərar verildi.
Buna görə mütəxəssislərin nəzarəti altında ağaclar başqa əraziyə köçürülüb. Hazırda ağacların yerində qazon döşənir və gül-çiçək əkiləcək. Axşama kimi həmin işlər yekunlaşacaq.
Bu məsələnin cənab Prezidentin səfəri ilə heç bir əlaqəsi yoxdur. Sadəcə səfər ərəfəsinə təsadüf edib. Bu işlər şəhərdə bir neçə aydır onsuzda aparılırdı”.