Narkotik çəkib sərnişin daşıyan avtobus sürücüsü saxlanıldı - VİDEO

15:54 - 16 Dekabr 2021 - HADİSƏ

Narkotikdən istifadə edərək avtomobil idarə  edən daha bir sürücü barəsində tədbir görülüb.

Baş Dövlət Yol Polisi İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 13-də Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının əməkdaşları "Qaradağ postu" kimi tanınan ərazidə "Mercedes-Benz" markalı iritutumlu marşurut avtobusunu saxlayıb. Sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.

Toplanmış materiallar aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Baş DYP İdarəsinin YPX Alayı tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib. Təkcə son bir ay ərzində 150-ə yaxın analoji hal aşkarlanıb. Təbii ki, yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirib.

İdarədən bildirilib ki, eyni zamanda, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri işə qəbul edən zaman, həmçinin, reysqabağı tibbi müayinədən keçirilməli və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir.

Xəbər xətti