Məktəbdə 12 imamla bağlı klip çəkildi - Nazirlik araşdırmaya başladı - VİDEO

11:44 - 8 Dekabr 2021 - Cəmiyyət

Azərbaycanda məktəblərdən birində şagirdlərin iştirakı ilə 12 imama həsr olunan klip çəkilib.

Ucnoqta.az xəbər verir ki, ilahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahinin müəllim rolunda qatıldığı klipdə şagirdlər 12 imama mahnı oxuyurlar.
Aşağı sinif şagirdləri hərəsi bir imamın adını sadalayır, onların adı yazılan kağızları göstərirlər. Videoda ifaçının öz azyaşlı oğlu Seyyid Hüseyn də var.

Klip sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Təhsil müəssisəsində, şagirdlərin elm öyrənməli olduqları halda dini musiqi səsləndirilməsi, azyaşlıların dini təbliğat üçün istifadə olunması qınanılıb. Valideynlər Azərbaycan dünyəvi dövlət olduğunu və şagirdlərin təhsil müəssisəsində dini klipə çəkilməsi, dini təbliğata alət olmasının yolverilməz olduğunu qeyd ediblər Təhsil Nazirliyinin rəsmi səhifəsinə şikayətlər ünvanlayıblar.

Daha sonra sözügedən video Seyid Peyman Boradigahinin səhifəsindən silinib. 

Təhsil Nazirliyinin mətbuat xidmətini rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. C.Valehov sualımıza cavab olaraq bildirdi ki, məsələ ilə bağlı araşdırılma aparılır. "Təhsil müəssisələrində çəkiliş aparmaq üçün nazirliyin icazəsi olmalıdırmı?" sualımıza cavab olaraq C.Valehov qeyd etdi ki, mətbuata bu barədə ətraflı məlumat veriləcək...


​///redaktor.az

Xəbər xətti