“Ailəm və dostlarım üçün darıxıram. Bu, normaldır. İlk dəfədir ölkəmi bu qədər uzun müddətə tərk etmişəm. Amma Varşavada adaptasiya prosesi başa çatıb, özümü evdəki kimi hiss edirəm”.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Polşa mətbuatına müsahibəsində millimizin futbolçusu Mahir Emreli deyib.
Polşanın “Leqiya” klubunda çıxış edən futbolçu artıq Varşavada məşhurlaşması barədə verilən suala belə cavab verib:
“Arxa tərəfində soyadım olan formalarla gəzən insanları mən də görmüşəm. Amma heç birini tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım burada cəmi bir dəfə olub. İndi isə Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq. Anam da mənim oyunuma gələcək.
Azərbaycanlılardan bir neçə təbrik və dəstək mesajı almışam. Həmin insanlarla münasibətləri yaxşılaşdırmağa çalışıram. Onlarla bir neçə dəfə ölkəmin ənənəvi yeməklərini dadıb həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranında olmuşam…
Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bu idmanı sevirəm. Hər zaman futbolçu olmaq istəyirdim. Populyarlığımın getdikcə artdığını, daha çox insanın mənə qiymət verdiyini başa düşürəm”.
O, UEFA Çempionlar Liqası, Avropa Liqasının təsnifat oyunları, Polşa Superkubokundan sonra Ekstraklasada qol vurması barədə isə bunları deyib:
“Bu faktları bir yerə yığsaq, komandanın ulduzu olduğumu düşünə bilərsiniz. Amma bu sizin fikrinizdir. Mənim beynimdə isə tamam başqa şey var. Mənə görə ən vacibi komandadır. Təbii ki, azarkeşlərin səni dəstəkləməsi, qiymətləndirməsi çox gözəl hissdir. Amma bilirəm ki, daha yaxşı ola və inkişaf edə bilərəm. Özüm haqqında ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qabaqdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşüncə ölümcül olardı. Qazandığım uğurlara arxalana bilərdim, amma bu da ehtiyacım olan son şeydir. Hər gün inkişaf etmək, ən yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman irəliyə hərəkət etməli olduğumu bilirəm.
O sonda Polşa çempionatından tramplin kimi istifadə edəcəyini bir daha xatırladıb:
“Buna nə qədər vaxt lazım olduğunu bilmirəm. Arxasınca getmək istədiyim xəyallarım var. Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm. Bunun üzərində səylə çalışıram”.