Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Ucnoqta.az xəbər verir ki, Olimpiadanın 10-cu günündə 3 idman növü üzrə Azərbaycanın 3 təmsilçisi mübarizə aparacaq.
Atıcılıq
10 metr məsafəyə hava tapançasından atəşaçmada 20-ci nəticə göstərən Ruslan Lunyov 25 metrdən sürətli atışlarla hədəfi dəqiq nişan almağa çalışacaq.
Təsnifat mərhələsinin ilk atışları Bakı vaxtı ilə 03:30-dan etibarən həyata keçiriləcək. Ertəsi gün növbəti atışlardan sonra finalçıların adına aydınlıq gələcək. Avqustun 2-də həmçinin həlledici mərhələ baş tutacaq.
Atletika
Ölkəmizin atletika növündəki iki idmançısından biri Anna Skidan çəkicatma üzrə yarışacaq.
Karyerasında ikinci dəfə dördilliyin zirvə yarışına qatılan 29 yaşlı Avropa mükafatçısı, Rio 2016-da biraddımlığında qaldığı final mərhələsinə yüksəlməyə çalışacaq.
Bakı 2017 İslamiadasının qalibi bunun üçün 31 iştirakçı arasında ilk "12-liy"ə düşməlidir.
Skidanın yer aldığı A qrupu üzrə mübarizə 04:30-da start götürəcək.
Boks
"Bürünc"ü sığortalayan Alfonso Dominqes (81 kq) medalının əyyarını artırmağa çalışacaq.
26 yaşlı Kuba əsilli boksçumuz yarımfinalda həmyerlisi, Rio 2016-nın qalibi Arlen Lopes ilə üz-üzə gələcək.
Boks yarışları 06:00-da başlayır.
Təmsilçimizin qarşılaşması günün axşam proqramında 8-cidir. Görüş Bakı vaxtı ilə təxminən 13:51-də start götürməlidir.
Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında rəsmiləşmiş 1 medal var. Ölkəmizə "bürünc"ü qadın cüdoçu İrina Kindzerska (+78 kq) qazandırıb. 23 təmsilçimiz Oyunlarla əliboş vidalaşıb.///fanat.az