"İlk oyunda 3:1 hesablı qələbə qazanmağımıza baxmayaraq, oyunçularımızda yenə də istək var idi".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis Qəbələ şəhər stadionunun ot örtüyündə problemin olduğunu bildirib: "Matçın əvvəllərində meydanın durumu daha yaxşı idi. Sonradan dedilər ki, ot örtüyündə bir az problemlər var. Su vurmadılar, topun hərəkəti həddən artıq çətinləşdi. Sonda hər iki komanda adi epizodlarda top itkilərinə çox yol verdi. Bu amil matçın tempini bir qədər aşağı saldı. Buna baxmayaraq, qarşıya qoyulan minimum məqsədə çataraq yarımfinala vəsiqə qazandıq".
Təcrübəli mütəxəssis "Qəbələ" barədə də müsbət fikirlər səsləndirib: "Qəbələ"nin heyətinə baxandan sonra köməkçilərimlə danışdım ki, bu komanda heç bir rəqibdən çəkinmir. Həmişə hücum potensialını yaxşılaşdırmağa çalışırlar. Heyətdə bir neçə rotasiya etmişdilər, meydanda daha çox hücumameyilli oyunçuları var idi. İnanıram ki, "Qəbələ" daha yaxşı oyunlar nümayiş etdirəcək. Bu komandanın yaxşı nəticələrə ehtiyacı var, Qəbələ şəhəri buna layiqdir".
Baş məşqçi ilk görüşdəki qələbəyə baxmayaraq, əsas heyətlə mübarizə aparmalarını həm çempionatda oyun azlığı, həm də ciddiyyəti qorumaqla əlaqələndirib: "Mövsümün ikinci yarısına yeni başlamışıq. Hər bir futbolçunun idman formasını yaxşılaşdırmağa ehtiyacı var. Bunu da ancaq oyunlarla etmək mümkündür. Bir o qədər çox sayda futbolçumuz da yoxdur. 14-15 futbolçu əsas heyət üzvüdür, matçlarda 2-3 dəyişiklik edirik. Qarşıdakı görüşlərdə heyətdə 1-2 dəyişiklik ola bilər, amma hamısı əsas heyət üzvüdür. Məsələn, ötən matçda az meydanda olanlara bu gün 90 dəqiqə şans verdik. Çox kiçik rotasiya etdik. Nə yorğunluq, nə də başqa bir şey var idi".
Qeyd edək ki, ilk matçda 3:1 hesablı qələbə qazanan "Qarabağ" cavab görüşündə də rəqib qapısından 3 cavabsız top keçirərək yarımfinala adlayıb.