“Qarabağ” Avropa Liqasının qrup mərhələsində 4 turu xalsız başa vurub.
IV turda “Sivasspor”a 2:3 hesabı ilə yenilən Qurban Qurbanovun yetirmələri bu göstərici ilə öz antirekordunu yeniləyib.
Tarixində 7-ci dəfə avrokubokların qrupunda oynayan ağdamlılar buna qədər bir dəfə ardıcıl 3 matçda məğlubiyyətə üzülüb. Bu, 2018/19 mövsümündə qeydə alınıb. Həmin vaxt Avropa Liqasında mübarizə aparan “Qarabağ” “Sportinq”ə (Portuqaliya) 0:2, “Arsenal”a (İngiltərə) 0:3, “Vorskla”ya (Ukrayna) 0:1 hesabı ilə uduzub.
Bu dəfə dörd məğlubiyyətdən sonra 9 top buraxan təmsilçimiz iki il əvvəlkindən fərqli, 3 dəfə rəqib qapısına yol tapa bilib.
Qeyd edək ki, cari mövsümdə “Qarabağ” Təl-Əviv “Makkabi”sinə (İsrail) 0:1, “Vilyarreal”a (İspaniya) 1:3, “Sivasspor”a (Türkiyə) isə 0:2 və 2:3 hesabı ilə uduzub.///apasport