Çexiyanın paytaxtı Praqada təşkil olunan cüdo üzrə Avropa çempionatı başa çatıb.
Yarışın sonuncu günündə Azərbaycan milli komandasının 5 cüdoçusu tatamı üzərinə çıxıb.
Təmsilçilərimiz günü üç medalla tamamlayıb. İrina Kindzerska (+78 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc mükafat qazanıb.
Bununla da yarışa 9 kişi və 5 qadın cüdoçu ilə qatılan Azərbaycan yığması çempionatı 5 medalla – bir qızıl, bir gümüş, üç bürünc medalla başa vurub. Yarışın ilk iki günündə Orxan Səfərov (66 kq) birinci, Rüstəm Orucov (73 kq) üçüncü yeri tutub.
Kişilər
90 kq
Məmmədəli Mehdiyev 1/16 finalda Yesper Smink (Niderland), 1/8 finalda Nikolas Munqai (İtaliya) üzərində qələbə qazanıb. O, 1/4 finalda macarıstanlı Kriştian Tota qalib gəlsə də, yarımfinalda rusiyalı Mixail İqolnikova uduzub. Bürünc medal uğrunda qarşılaşmada türkiyəli Mihael Zqanka da qalib gələn cüdoçumuz 3-cü yeri tutub.
100 kq
Zelim Kotsoyev 1/16 finalda polşalı Aleksey Lısenko, 1/8 finalda macarıstanlı Mikloş Çiryeniçə qalib gəlib. O, 1/4 finalda portuqaliyalı Jorje Fonsekanı da üstələsə də, yarımfinalda rusiyalı Armen Adamyana uduzub. Kotsoyev bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Boris Georgiyevi məğlub edib.
Elmar Qasımov 1/16 finalda Aron Fara (Avstriya), ardınca Daniel Mukete (Belarus) üzərində qələbə qazansa da, 1/4 finalda gürcüstanlı Varlam Lipartelianiyə, təsəlliverici döyüşdə bolqarıstanlı Boris Georgiyevə yenilib.
+100 kq
Uşanqi Kokauri 1/8 finalda rusiyalı Tamerlan Başayevə uduzaraq çempionatla vaxtından əvvəl vidalaşıb.
Qadınlar
+78 kq
İrina Kindzerska yarışa 1/4 finaldan qoşulub. O, serbiyalı Militsa Zabiçi, yarımfinalda ukraynalı Yelizaveta Kalaninanı məğlub edib. Finala yüksələn təmsilçimiz həlledici qarşılaşmada fransalı Romane Diçko ilə qarşılaşıb və məğlub olaraq, ikinci yeri tutub.
///ApaSport