Azərbaycan BMT-nin mühüm şurasına üzv seçildi

14:35 - 30 May 2025 - SİYASƏT

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 30 may tarixində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan Respublikası ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.

"​UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna üzvlüyümüz 2025-2029-cu illəri əhatə edəcəkdir.

Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Bununla yanaşı, Azərbaycan 17-22 may 2026-cı il tarixlərində qlobal əhəmiyyətli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək", - məlumatda deyilir.

Xəbər xətti