"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun II turunun ispaniya "Vilyarreal"ı ilə oyun öncəsi İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.
"Report"un "Sabah" nəşrinə istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis matçı Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib.
"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik", - Qurbanov bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.