2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb.
"Report"un "Transfermarkt" nəşrinə istinadən məlumatına görə, iştirakçı komandaların heyətinin ümumi dəyəri 14,02 milyard avrodur.
Koronavirus pandemiyası səbəbindən bu göstərici ötənilki ilə müqayisədə 2 milyard avro azdır.
Ən çox maliyyə itkisinə məruz qalanlar İspaniyanın "Barselona", "Real Madrid", Fransanın PSJ və İtaliyanın "Yuventus" klublarıdır. Kataloniyalıların bazar qiyməti 1,18 milyard avrodan 878,5 milyon avroya, "kral klubu"nun dəyəri isə 1,19 milyard avrodan 855 milyon avroya düşüb. Ötən mövsüm heyətinin ümumi dəyəri 1,06 milyard avro olan PSJ-də indi bu rəqəm 858,75 milyon avrodur. "Yuventus"un dəyəri isə 864 milyon avrodan 690,2 milyon avroya geriləyib.
ÇL-nin ən dəyərli komandası İngiltərə "Liverpul"udur - 1,1 milyard avro. İkinci sırada "Mançester Siti" (1,08 milyard avro), 3-cü yerdə isə "Barselona" yer alıb. Dəyəri 24,2 milyon avro olan Macarıstan "Ferentsvaroş"u isə turnirin ən ucuz klubudur. Sözügedən komandanı 42,05 milyon avro ilə Danimarka "Midtüllann"ı və 83,85 milyon avro ilə Rusiya "Lomkomotiv"i izləyir.
İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq Türkiyənin "Başakşehir" klubunun heyətinin dəyəri 86,15 milyon avrodur. İstanbul təmsilçisi 29-cu pillədə qərarlaşıb. H qrupunda yer alan Superliqa klubunun rəqiblərindən PSJ (858,75 milyon) 5-ci, İngiltərə "Mançester Yunayted"i (799,85 milyon) 8-ci, Almaniya "Leyptsiq"i isə (514,58 milyon) 13-cüdür.
ÇL-in ən dəyərli oyunçusu PSJ-də çıxış edən Kilian Mbappedir. Fransalı forvardın qiyməti 180 milyon avrodur. 22 yaşlı hücumçu bu göstərici ilə qrup mərhələsinin 11 komandasından daha qiymətlidir. İlk "üçlüy"ü Mbappenin komanda yoldaşı Neymarla İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Rahim Sterlinq (hər ikisi 128 milyon avro) tamamlayır.
UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək klubların dəyəri aşağıdakı kimidir:
1. "Liverpul" (İngiltərə) - 1,1 milyard avro
2. "Mançester Siti" (İngiltərə) - 1,08 milyard avro
3. "Barselona" (İspaniya) - 878,5 milyon avro
4. "Bavariya" (Almaniya) - 874,65 milyon avro
5. PSJ (Fransa) - 858,75 milyon avro
6. "Real Madrid" (İspaniya) - 855 milyon avro
7. "Çelsi" (İngiltərə) - 838,9 milyon avro
8. "Mançester Yunayted" (İngiltərə) - 799,85 milyon avro
9. "Atletiko" (İspaniya) - 735,5 milyon avro
10. "Yuventus" (İtaliya) - 690,2 milyon avro
11. "İnter" (İtalyiya) - 685,1 milyon avro
12. "Borussiya" (Dortmund, Almaniya) - 587,25 milyon avro
13. "Leyptsiq" (Almaniya) - 514,58 milyon avro
14. "Atalanta" (İtaliya) - 372,95 milyon avro
15. "Latsio" (İtaliya) - 361,7 milyon avro
16. "Sevilya" (İspaniya) - 348,9 milyon avro
17. "Borussiya" (Mönxenqladbax, Almaniya) - 313,38 milyon avro
18. "Ayaks" (Niderland) - 286,15 milyon avro
19. "Porto" (Portuqaliya) - 251,35 milyon avro
20. "Renn" (Fransa) - 240,5 milyon avro
21. "Marsel" (Fransa) - 228,45 milyon avro
22. "Zenit" (Rusiya) - 172,7 milyon avro
23. "Brügge" (Belçika) - 144,2 milyon avro
24. "Zalstburq" (Avstriya) - 144 milyon avro
25. "Şaxtyor" (Ukrayna) - 134,8 milyon avro
26. "Krasnodar" (Rusiya) - 114,83 milyon avro
27. "Dinamo" (Kiyev, Ukrayna) - 100,25 milyon avro
28. "Olimpiakos" (Yunanıstan) - 96,3 milyon avro
29. "Başakşehir" (Türkiyə) - 86,15 milyon avro
30. "Lokomotiv" (Moskva, Rusiya) - 83,85 milyon avro
31. "Midtüllann" (Danimarka) - 42,05 milyon avro
32. "Ferentsvaroş" (Macarıstan) - 24,25 milyon avro