“Mançester Yunayted” “Portu”nun braziliyalı müdafiəçisi Aleks Tellesin transferinə razılıq verib.
“Report” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, futbolçu tezliklə İngilis klubuna keçmək üçün tibbi müayinədən keçəcək. Mankunianlar futbolçu ilə 5 illik müqavilə şərti ilə razılığa gəliblər. “Mançester Yunayted”in Telles üçün 25 milyon avrodan çox ödəməyə hazır olmadığı bildirilirdi.
Qeyd edək ki, Telles “Porto”ya 2016-cı ilin yayında “Qalatasaray” klubundan transfer edilib. Transfer məbləği 6,5 milyon avro idi. Bu mövsüm 27 yaşlı braziliyalı Portuqaliya çempionatında üç oyunda iki qol vurub. Futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər etibarlıdır.