"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu iki futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.
"Report" "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi Yunes Belhanda və Rayan Babeldən xilas olmağa çalışır. "Sarı qırmızılar" onları sataraq başqa futbolçu transfer etmək istəyir.
Klub rəhbərliyi menecerlərə Belhandadan ötrü təklif gətirmələrini tapşırıb. "Qalatasaray" 30 yaşlı mərakeşli yarımmüdafiəçinin satışından 10 milyon avro qazanmaq istəsə də, koronavirus pandemiyasına görə məbləği yarıya qədər endirib. Oyunçu ilə ərəb klubları maraqlanır. Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Belhanda üçün 3.5 milyon avroluq təklif göndərib.
İstanbul təmsilçisinin rəhbərliyi niderlandlı hücumçu Rayan Babeldən ötrü gələn təklifləri də dəyərləndirəcək. Onun da karyerasını ərəb ölkələrindən birində davam etdirəcəyi istisna edilmir.
Bundan əlavə, "Qalatasaray" Valentin Ozornvafor və Jesse Sekidikanı icarəyə verməyi planlaşdırır.
Sekidika 2019-cu ilin əvvəlində "Neftçi"də baxışda olub. "Ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin oyunçunu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.