“Neftçi” Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib

22:50 - 27 Avqust 2020 - İDMAN

Azərbaycanın ən titullu klubu “Neftçi” avrokubokların 2020/21 mövsümünə start verib. 

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın vitse-çempionu son illərdə olduğu kimi yenə Avropa Liqasında mübarizəyə qoşulub.

Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsinin yeganə oyununu Bakıda Şimali Makedoniyanın “Şkupi” klubuna qarşı keçirib. Oyun praktikasını azlığından əziyyət çəkdiyi hiss olunan bakılılar kifayət qədər zəif rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Sabir Buqrinin cərimə meydanından kənardan endirdiyi zərbədən sonra top rəqibə çarparaq tora qovuşub. Görüşün sonlarında isə Anton Krivotsyuk fərqi iki topa çatdırıb. Uzatma dəqiqələrində qonaqlar təsəlli qoluna imza atsa da, bu, bakılıların qələbəsinə mane olmayıb.

“Neftçi” makedoniyalılar üzərində qələbə ilə II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi”nin növbəti rəqibləri avqustun 31-də və sentyabrın 1-də bəlli olacaq. Öncə II, ertəsi gün III təsnifat mərhələsinin püşkatması keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust

20:00. “Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya) - 2:1
Qol: Sabir Buqrin, 66, Krivotsyuk, 88 - Darboe, 90+3
Qırmızı vərəqə: Qudiabi Omar, 70
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)

Xəbər xətti