"ÇL-in qrupunda çıxış etmək möhtəşəm olar"- Tahir Gözəl

21:15 - 27 Avqust 2020 - İDMAN

"Şerif"lə qarşılaşacağımız bəlli olan kimi bildirmişdim ki, moldovalılar olduqca çətin rəqibdir. Komandamız xarakter ortaya qoyaraq qələbə qazandı. Qurban müəllim və futbolçuları, bütün "Qarabağ" camiəsini təbrik edirəm". Bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra klubun rəsmi saytına müsahibəsində deyib. Funksioner əvvəlki illərdə daha iki dəfə "Şerif"lə qarşılaşdıqlarını xatırladıb. T.Gözəl deyib ki, rəqibin matça köklənməsi olduqca hiss edilib: "Şerif" fiziki cəhətdən güclü, yaxşı təşkilatlanmış komanda idi. Amma komandamız ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq rəqibə qarşı xarakterini ortaya qoydu. Erkən qoldan sonra nəzarəti əldə saxlamağa çalışırdı. "Şerif" də maksimum bacardığını etmək istədi. Amma bu qələbə "Qarabağ"ın haqqı idi. Növbəti mərhələlərdə daha ciddi rəqiblərlə qarşılaşacağıq. İnanıram ki, "Qarabağ" bu oyunlara da daha yaxşı hazırlaşıb və yaxşı oyun göstərəcək". Klub rəsmisi Çempionlar Liqasında yollarına davam etmək istədiklərini bildirib: "Qarabağ" bu qələbəylə artıq minimum Avropa liqasında pley-off mərhələsində oynamağı təmin etdi. Təbii ki, biz Çempionlar Liqasında yolumuza davam etmək istəyirik. Yenə də deyirəm ki, komandamın bu mübariz ruhunun, əzminin olduğuna inanıram. Amma ən azından pley-off mərhələsinin təmin olunması bizləri sevindirir. Azərbaycanımıza daha bir qrup mərhələsi həyəcanı bəxş etmək möhtəşəm olardı. Sadəcə son 7 ildə deyil 2009-dan etibarən "Qarabağ" mütəmadi olaraq "Qarabağ – Azərbaycan" sədalarını yaşıl meydanlarda əks etdirir. Bəli, son 6 ildə qruplara düşmüşük amma buna qədər də stabil və məqsədyönlü çalışmalarla əsas uğurun yolu açılıb. Yaxşı başa düşürük ki, başda cənab Prezidentimiz başda olmaqla bütün dünyadakı Azərbaycan və Türkiyə xalqı, məcburi köçkünlər bizi izləyir və bu bizim üçün çox böyük bir məsuliyyətdir". Klub prezidenti Prezidentə və Azərbaycan xalqına təşəkkür edib: "Komandadakı hər futbolçu bu məsuliyyəti çox yaxşı dərk edir və bütün hər kəsi sevindirmək üçün meydana çıxır. Bu məsuliyyətin öhdəsindən də indiyə qədər alnıaçıq çıxa bilmişik və bunun üçün də sona qədər öz mübarizəmizi davam etdirəcəyik."Qarabağ" öz üzərinə düşən ülvi missiyanı uğurla davam etdirir. Ən ali məqsədimiz olan Qarabağ həqiqətlərini dünyaya çatdırmaq uğrunda komandamızın avrokuboklarda davamlı olaraq uğur qazanacağına inanıram. Bildiyiniz kimi, 3 gün öncə Cəbrayıl və Füzulinin ermənilər tərəfindən işğalının ildönümü idi. Bu qələbəmizlə məcburi köçkünlərimizlə yanaşı, bütün Azərbaycan xalqına, ölkəmizə sevinc bəxş etdiyinə və yeni qələbələrə çağırış olacağına inanıram". Tahir Gözəl son olaraq yeni transferlər haqqında danışıb: "Hiss olunur ki, yeni transferlər komandaya uyğunlaşmaq üçün əllərindən gələni edir. Qurban Qurbanov qısa zamanda yeni gələnlərin uyğunlaşması üçün önəmli işlər görüb. Uroş Matiç komandaya yaxın zamanlarda qoşulsa da, bu gün qol hesabını açdı. Kevin Medina müdafiədə əzmkarlığı, inadkar oyunu ilə göz doldurdu. Qurban hocaya belə az müddətdə onlarda “Qarabağ” xarakteri, mübarizliyi formalaşdırdığı üçün təşəkkür etmək lazımdır. İnanıram ki, yeni gələnlər hələ yenə də "artıracaq", zamanla onların öz oyunları ilə "Qarabağ" qalasının dəyişilməz parçaları olacaqlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, heyətimizdə yetərincə gənc futbolçu var. Onların da yetişməsində əcnəbilərin təcrübəsinin, idmançı xarakterlərinin çox önəmli olacağını düşünürəm. Bunun nəticəsində zamanla daha yaxşı komplektləşmiş, əzmkar, mübariz “Qarabağ” görəcəyik".

Xəbər xətti