"İki qapıçı ilə danışıqlar uğurlu alınmayıb"- Qurban Qurbanov

22:51 - 18 Avqust 2020 - İDMAN

“Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunu var. Bu oyunlara maksimum dərəcədə hazırlaşmağa çalışacağıq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Maksim Medvedevin durumu necədir?
- Həkimlər sabah dəqiq deyəcəklər. Çox ciddi olduğunu düşünmürəm. Topuq nahiyəsi burxuldu. Ağrısı güclü olduğu üçün əvəzlədik.

- İlk hissədə bir qədər narazı idiniz. Sizi konkret nə qane etmirdi?
- Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Sürətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərmələri mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Üzərində çalışdığımız hücumlar pis alınmadı, standart vəziyyətlərdə də pis oynamadıq.

- Növbəti mərhələdə hansı komandaya rəqib olmaq istərdiniz?
- Fərqi yoxdur: hansı olsa, bizim üçün rəqibdir. Bugünkü səhvləri təkrarlamamalıyıq. Çünki növbəti mərhələyə adlayacaq komanda daha yaxşı formada olacaq.

- Bugünkü rəqibin gücü komandanın səhvlərini görməyə imkan verdi?
- Səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Bunlar elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq.

- Yeni transferlər gözləməyə dəyərmi?
- Pandemiyadan sonra transfer etmək daha da çətinləşib. İstənilən halda axtarışlarımız davam edir. Mütləq bir neçə transfer etmək istəyirik.

- Qapıçı seçimində həlledici məqam nə oldu?
- Şahruddin Məhəmmədəliyev uzun müddətdir komandadadır. Emil Balayev isə bir ilə yaxın oynamayıb. Bu gün belə qərar verdim. Amma onları ayırmıram. Qarşıdakı oyunlarda Emili də meydanda görə bilərik.

- Əcnəbi qapıçı transferi gündəmdədir?
- Bəli, gündəmdədir. Danışıqlar davam edir. Hətta iki qapıçı ilə danışıqlar uğurlu alınmayıb.

- Növbəti oyun da evdə olacaq. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumunu nəzərə alsaq, Çempionlar Liqasında II təsnifat mərhələsinin matçını ehtiyat arenada keçirə bilərsiniz?
- Açığı, oyundan əvvəl UEFA-ya bildirildi ki, bununla bağlı problem ola bilər. UEFA isə cavab verdi ki, ilk oyunu burada oynamalısınız. İcazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra meydança düzəldi. Amma yenə də müraciətimizi etmişik.

- Yay fasiləsində komandadan gedənlər oldu. Bu gün ən çox kimin yoxluğunu hiss etdiniz?
- Mənim üçün futbolçulardan ayrılmaq asan deyil. Xüsusən, 3-5 il burada oynayanlarla. Yeni oyunçular gətirməyə məcburuq. Çalışırıq ki, onlar özlərini sərbəst göstərsinlər. Kim gedirsə, hər birini burada görmək istərdim. Amma futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə getməlidir. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istərdi.

Xəbər xətti