"Qarabağ"a kömək edə bilməmək ağır hissdir"- Qara Qarayev

16:05 - 18 Avqust 2020 - İDMAN

"Özümü narahat hiss edirəm, komandama kömək etməmək mənim üçün ağır hissdir. Buna baxmayaraq, idmanda belə hallar yaşanır".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniya "Sileks"i ilə oyundan öncə deyib.

28 yaşlı yarımmüdafiəçi cəza səbəbindən bu günkü matçda iştirak etməyəcək. Qarayev 2019/2020 mövsümündə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə 1:1 bərabərə qaldıqları matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu səbəbdən bir matçlıq cəza alan orta xətt oyunçusu komandasına kömək edə bilmədiyi üçün üzüldüyünü söyləyib: "Ruhum, hisslərim və mənəviyyatımla komandamın yanındayam".
Qarayev sarı vərəqə cəzalarının növbəti mövsümə şamil edilməsini əvvəl doğru qərar kimi qəbul etdiyini vurğulayıb: "Düşünürdüm ki, koronavirus pandemiyası ilə bağlı hansısa güzəşt edərlər, çünki mən birbaşa qırmızı vərəqə almamışdım. UEFA-nın böyük dəyişikliklər etməsi, əvəzetmələrin sayının artmasından sonra fikirləşirdim ki, cəzanın gələn mövsümdə tətbiqi götürülər. Amma olmadı və qərar dəyişmədi. Çox istəyirdim ki, sarı vərəqələrə görə cəza alanlara güzəşt olsun".

Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu "Sileks"lə matç barədə bunları deyib: "Bu gün əvvəlki illərdən fərqli oynayacağıq. Əvvəl çoxlu azarkeşlərin önündə çıxış edirdik. Cütün taleyi iki oyuna görə həll olurdu. İndi isə matça proqnoz vermək çox çətindir. Pandemiyaya görə gözləmədiyimiz komandalar nəticə qazana bilirlər. Matç barədə nəsə demək çətindir, komandalar yoldaşlarım nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq. 

Xəbər xətti