“Çox danışmağa ehtiyac yoxdur Bir oyundan ibarət mərhələdir və nəticə də bu görüşdə bəlli olacaq. Diqqətli və məsuliyyətli olmal, problemlərə yol verməməliyik. Oyun təcrübəmiz yoxdur. Düşünürəm ki, futbolçular pis hazırlaşmayıblar. Meydanda yaxşı mübarizə olmalıdır".
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyanın "Sileks" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, rəqibin çempionatda son iki oyununu izləyiblər. Qurbanovun sözlərinə görə, "Sileks" topla oynamağı xoşlayan kollektivdir: "Burada necə oyun göstərəcəklərini bilmirik. Topla oynamağı sevmələri bizə çətinlik yarada bilər. Ot örtüyündə problemlər var. Bizdə belə problemlər olur. İşçilər çalışırlar oyuna qədər tam hazır etsinlər".
Təcrübəli baş məşqçi yeni transferlərin uyğunlaşma prosesinin normal olduğunu vurğulayıb: "Qəbələdə özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Rəsmi oyuna çıxmayıblar. Komandaya uyğunlaşmağa çalışırlar. Bu turnirdə zəif komanda olmur və futbolçularımız da artıq təcrübəlidirlər. Əvvəlki illərdə ola bilsin ki, hansısa rəqibin zəif olduğunu düşünüblər və meydanda bunun əksini görüblər. İnanmıram ki, oyunçularda arxayınlıq olsun. Mən bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna çox əhəmiyyət vermir. Bizim üstünlüyümüz həmişə azarkeş amili olub. Çünki Bakıda 20-25 min azarkeşlə çıxış etmişik. Sabah azarkeşsiz oynamağımız “Sileks”in üstünlüyüdür".
Qurbanov yeni transfer Uroş Matiçin start heyətdə meydana çıxa biləcəyini istisna etməyib: "Bir az gec qoşulub, əsas problemi budur. Amma təcrübəsi ilə bunu aradan qaldıracaq. Rəqibin sağ və sol cinah hücumçuları sürətlidir. Sağ cinah müdafiəçiləri də tez-tez hücuma çıxır. İndividual cəhətdən yaxşı oyunçuları var. Düşünürəm ki, futbolçularla əlavə söhbətə ehtiyac yoxdur. Neçə illərdir bu turnirdə iştirak edirik, bu turniri tanıyırıq. Çalışırıq futbolçuları həmişə psixoloji sıxıntıdan uzaq tutaq".
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq. ///report