Azərbaycan millisinin və ABŞ-ın "Feniks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov koronavirusa yoluxmayıb.
Bu barədə "Report"a 29 yaşlı hücumçunun özü məlumat verib.
Oyunçu bildirib ki, komanda yoldaşları arasında analizi müsbət çıxanlar olsa da, onun səhhəti ilə bağlı hər şey qaydasındadır: "Məndə koronavirus yoxdur. Özümü əla hiss edirəm. Hər şey yaxşıdır".
Qeyd edək ki, "Feniks Rayzinq" klubunun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında komandanın daha 3 üzvündə koronavirus aşkarlandığını deyib. Lakin o, virusa yoluxanların adlarını açıqlamayıb.
Komanda məşqləri bərpa etdikdən sonra ümumilikdə 8 futbolçu koronavirusa yoluxub. Onlardan 5-i tam sağalaraq kollektivə qoşulub. Digər 3 oyunçunun müalicəsi isə davam edir.