Ötən həftə "Fairmont otel”də dincələn aparıcı-aktrisa Mələk Heydərova üzr istəyib.
O, videomüraciət yayaraq deyib ki, çox peşmandır: "Biz nə vəzifəmizlə, nə də statusumuzla kimdənsə fərqlənirik. Hamımız eyniyik. İstirahət etdiyim zaman çəkdirdiyim şəkillər paylaşılmışdı. Bununla bağlı hər kəsdən üzr istəyirəm. İlk olaraq isə çalışdığım telekanalın rəhbərliyindən üzr istəyirəm, bir də olmayacaq”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin iyulun 5-də yaydığı məlumata əsasən, Bakının Səbail rayonunda "Fairmont otel”də xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır.
Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər. Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.///azxeber.com