Bakı Mühəndislik Universiteti (BMU) publik hüquqi şəxs olsa da, tam formada dövlət müəssisəsi kimi fəaliyyət göstərəcək. BMU-nun rektor əvəzi Sülhəddin Gözəlov APA-ya açıqlamasında deyib ki, qanunvericilik aktlarına yeni termin - publik hüquqi şəxs daxil olub və bu da dövlət müəssisənin bir növüdür. Onun sözlərinə görə, publik hüquqi şəxs dünyada və Avropada dövlət müəssisələri üçün qəbul olunmuş və daha çox sərbəstliyə malik olan müasir, mükəmməl formadır: “Sırf dövlət müəssisələrinə verilən səlahiyyətlər məhdud idi. Lakin publik hüquqi şəxs qismində olan müəssisələrin səlahiyyətləri və maliyyə imkanları yetərincə çoxdur. Onların maliyyə imkanları çox böyükdür, idarəçilik daha geniş və sərbəstdir. Bu gün Bakı Mühəndislik Universiteti publik hüquqi şəxs Təhsil Nazirliyinin tabeçiliyində olan dövlət təhsil müəssisəsidir”.