Qusarda 20 nəfərə hüquq xidməti göstərilib - FOTO

10:01 - 18 İyul 2025 - ÖLKƏ İÇİ

Regional İnsan Hüquqları və Media Mərkəzi Qusar rayonunda ehtiyacı olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilməsini təşkil edib.

Xidmət təşkilatın “Konstitusiya və Suverenlik İli”ndə icra etdiyi “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Qusar Gənclər Evinin akt zalında təşkil olunan tədbirə Qusar rayonundan olan 20 nəfər qatılıb. Həmin şəxslər şəhid ailəsi üzvləri, müharibə veteranları və müharibə iştirakçıları olub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. 
Layihə rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edir.

Onlayn formada isə Azərbaycanın digər ərazilərindən də müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəririk. Layihənin əsas məqsədi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarında yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək,  məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir. Artıq Ağcabədi, Goranboy və Qusar rayonlarında müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib. Bu gün sonuncu tədbirimizi Qusar rayonunda keçiririk. 

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. 
Qusar rayon sakinlərinin müraciətləri əsasən şəhid ailəsi üzvlərinə pay torpağı, həyətyanı torpaq sahəsinin ayrılması, şəhid ailəsi üzvləri və müharibə əlillərinin mənzillə təminatı, şəhid övladının müalicə və müayinəsi, ordenlə təltif olunan şəhid adının əbədiləşdirilməsi, müharibə iştirakçılarının sosial hüquqları,  məşğulluq, işlə təminat və pensiya hüququ ilə bağlı olub. 

Görüş zamanı 9 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.  

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail ([email protected]) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur.


Xəbər xətti