Goranboyda 20 nəfər müharibə iştirakçısına hüquq xidməti göstərilib - Foto

13:35 - 6 İyun 2025 - ÖLKƏ İÇİ

Goranboy rayonunda müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib. Xidmət “Konstitusiya və Suverenlik İli”ndə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub.

Bu məqsədlə Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatının akt zalında təşkil olunan tədbirə Goranboy rayonundan olan 20 nəfər müharibə iştirakçısı qatılıb. 

Həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Xalid Kazımov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edir. 3 ay müddətində icra olunacaq layihənin əsas məqsədi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarında yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək,  məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir. 

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. Müraciətlər əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməməsi, “Müharibə veteranı” adı verildikdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi, müharibədə xəsarət alan şəxslərə sığorta pulunun ödənilməməsi, əlillikdən imtina və işlə təminat ilə bağlı olub. 

Görüş zamanı 11 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.  

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail ([email protected]) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur.


Xəbər xətti