General yüksək vəzifəyə TƏYİN OLUNDU

21:05 - 18 Aprel 2025 - Xəbər

Azərbaycan Ordusunun 4-cü Ordu Birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.

Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu Birliyinin komandiri vəzifəsinə gətirilib.

Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.

Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2004-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu kimi xidmətdədir. XTQ komandanının maddi-texniki təminat üzrə müavini işləyib. Sonradan XTQ-nin Qərargah rəisi olub.

General-leytenat Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra Akif Piriverdiyev bir müddət XTQ-nin komandan vəzifəsini icra edib.

2020-ci ilin 44 günlük Vətən müharibəsində polkovnik rütbəsində olan A.Pirverdiyev cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.

Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla A.Pirverdiyev “Zəfər” ordeni ilə təltif olunub.

O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.

A.Pirverdiyev 2022-ci ilin iyun ayının 25-də dövlət başçısının Sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb, daha öncə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

Xəbər xətti