"Primitiv, intriqa yaratmaq..." - Ekspert müzakirələrə səbəb olan filmdən danışdı

11:20 - 16 Mart 2024 - Cəmiyyət

"Filmlər gənclərin gələcək ixtisas seçimi üçün vasitədir.

Amerika və Avropa ölkələrində hansı ixtisas üzrə kadr çatışmazlığı yaranarsa, hansı ixtisasa daha çox mütəxəssis lazım olarsa, kino ittifaqlarına müraciət olunur ki, bu sahəni təbliğ edən filmlər çəkin.

Misal üçün, bir də görürsən ki, ABŞ da çoxsaylı film çəkilir, yanğınsöndürənlər təbliğ olunur. Enlikürək, yaraşıqlı oğlanlar elə qəhrəmanlıq edirlər, belə pul qazanırlar, rahat və təhlükəsiz şəraitdə işləyir, yaşayırlar və s. 

Və ya, universitetlər sifariş edir ki, hüquqşünas ixtisasına qəbul azalıb, növbəti il film çəkilir: vəkil bahalı avtomobil ilə gəlir, maşının arxa kapotunu açır pul dolu, lüks, rahat və təhlükəsiz şəraitdə yaşayır və işləyir".

Ucnoqta.az xəbər verir ki, bunu təhsil eksperi Kamran Əsədov müzakirələrə səbəb olan film barədə yazıb.

Ekspert bildirir ki, bu kimi müxtəlif peşələri filmlərdə təbliğ edəndən sonra növbəti illərdə həmən ixtisaslara qəbul ciddi şəkildə artır:

"Və ya, mənim yadıma düşür, 2005-2006-cı illər idi, Kurtlar Vadisi Filmi nümayiş etdirilirdi. 

Küçədə gənclərin əksəriyyəti Polat Ələmdar kimi geyinir, danışır, davranırdı və s.

Mən dünən İTV - də məlum "Gündəlik" serialını izlədim. 

Filmin çəkilişləri peşəkar idi. Kamera, işıq, səsləndirmə, stop kadrlar, atyez və s yaxşı idi.

Sujet xətti isə çox primitiv, daha çox mübahisə fonunda, intriqa yaratmaq məqsədilə yazılmışdı. Yəni sujeti yazan mən hər şeyi düz bilirəm yanaşmasını irəli sürən biridir. 

Ssenari müəllifinin məktəb, müəllim anlayışı özünün şagird, tələbə dövründəki müşahidəçi iştirakçılığından və sosial şəbəkələrdə təhsil ilə bağlı paylaşım məlumatlılığından artıq deyildi. Ssenari təhsil mütəxəssisləri ilə məsləhətləşmədən çəkilişə verilib. 

Bu filmdə hansı mesaj verilir, nəyi təbliğ edirdilər?

Bəli, bizim müəllim peşəsini təbliğ etməyə, müəllimin peşəkar keyfiyyəti artırmaq üçün müvafiq film, süjetlərə ehtiyacımız var. Amma qaş düzəldən yerdə durub gözü çıxartmaq lazım deyil. 

Biz peşələri təbliğ etməliyik ki, gənc nəsil də düzgün ixtisas seçimi edə bilsin".

Xəbər xətti