Müəssisənin iclas zalında keçirilən tədbiri açıq elan edən «Dünyagöz» Göz Klinikasının baş həkimi, general-professor Dilavər Erşanlı əvvəlcə tədbir iştirakçılarını salamladı. Bildirdi ki, akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.
Tədbirdə çıxış edən tanınmış oftalmoloq alim, tibb elmləri doktoru Paşa Qəlbinur Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.
Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, ümummilli lider Heydər Əliyevin qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Qeyd olunub ki, təşkilatçılar tərəfindən pulsuz göz müayinəsi aksiyaları il ərzində bir neçə də keçiriləcək.
