Böyükşor ətrafında həyata keçirilməsi nəzərdə tutulan layihələr və ərazidə aparılacaq mümkün söküntü işləri diqqət mərkəzindədir.
Həmin ərazidə yaşayan sakinlərə nə qədər kompensasiya ödənilə bilər? Yaxın ərazilərdə nə qədər bahalaşma gözlənilir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə təqribən 388 hektarlıq böyük layihənin icrası nəzərdə tutulur:
“Burada həm rezidensiyalar, həm yaşayış binaları, həm də müxtəlif komplekslər inşa ediləcək. Müasir dövrün 15 dəqiqəlik şəhər modelinə uyğun yanaşma tətbiq olunacaq. Yəni həmin ərazidə yaşayan sakinlər 15 dəqiqəlik məsafədə bütün zəruri istehlak və digər tələbatlarını ödəyə biləcəklər. Bunun üçün müvafiq obyektlər, klinikalar, təhsil müəssisələri və digər infrastruktur yaradılacaq. Eyni zamanda, həmin istiqamətdə böyük yol qovşağının inşası da gözlənilir. Əslində, kifayət qədər genişmiqyaslı layihədir. Onun icrası üçün həmin ərazidə yerləşən həm yaşayış, həm də qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin və obyektlərin köçürülməsi zərurəti yaranır”.
Sədr qeyd edib ki, kompensasiya məbləği ölkəmizdə üç fərqli üsulla müəyyən edilir:
“Birinci halda, məbləğ Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən müəyyən olunur. İkinci halda, müvafiq icra orqanının keçirdiyi satınalmada qalib gələn şirkət tərəfindən hesablanır və qiymətləndirilir. Üçüncü variant isə investorla vətəndaş, yəni sakinlər arasında aparılan danışıqlar əsasında qarşılıqlı razılaşma yolu ilə müəyyən edilməsidir. Bu məsələdə iki variantın daha real olduğunu düşünürəm. Nəzərə alsaq ki, söhbət qlobal və genişmiqyaslı layihədən gedir, yəqin ki, kompensasiya ya Nazirlər Kabinetinin müvafiq komissiyasının qərarı ilə müəyyən olunacaq, ya da müvafiq icra qurumu tərəfindən satınalma keçiriləcək və qalib şirkət tərəfindən hesablanaraq qiymətləndiriləcək. Mənim təxminlərimə görə, ərazi kifayət qədər geniş olduğundan burada qiymətlər də fərqli olacaq. Yola yaxınlıq, eləcə də ərazinin investisiya cəlbediciliyi baxımından fərqləri nəzərə alsaq, yaşayış sahələri üçün kompensasiya məbləğinin təqribən 1500-2000 manat aralığında olacağını ehtimal edirəm. Qeyri-yaşayış sahələri üçün isə obyektin yerləşməsindən və digər xüsusiyyətlərindən asılı olaraq bu məbləğin 2500-3500 manat arasında müəyyən edilə biləcəyini düşünürəm. Fərqli yanaşmalar da tətbiq oluna bilər. Məsələn, həmin ərazidə yerləşən obyektlərin sahiblərinə alternativ ərazilərdə obyektlər təqdim edilə bilər. Bu, mənə görə, iqtisadi baxımdan daha əlverişli variant hesab oluna bilər. Təbii ki, bütün bu məsələlər müvafiq dövlət qurumları və layihənin icraçıları tərəfindən müəyyənləşdiriləcək. Bizim səsləndirdiyimiz fikirlər yalnız peşəkar ehtimallardır. Zaman keçdikcə dövlət qurumlarının qəbul edəcəyi müvafiq qərarlarla bu ehtimallar ya təsdiqlənəcək, ya da fərqli yanaşma ortaya qoyulacaq”.
Vüqar Orucun fikrincə, həmin ərazidə həyata keçiriləcək layihə paytaxtda çox böyük dəyişikliklərə səbəb olacaq:
“Bu, həm Ziya Bünyadov və Heydər Əliyev prospektləri baxımından, həm də ətraf ərazilərdə yerləşən torpaq sahələrinin qiymətlərinin artması baxımından əhəmiyyətli təsir göstərəcək. Başqa sözlə, layihənin icrası daşınmaz əmlak bazarında ciddi canlanma və qiymət dəyişiklikləri yaradacaq. Biz onsuz da Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq proqnoz vermişdik ki, 2027-ci ildə daşınmaz əmlak bazarında selektiv, yəni seçmə qiymət artımı müşahidə olunacaq. Həmin qiymət artımının baş verə biləcəyi ərazilərdən biri də məhz Böyükşor gölü ətrafıdır. Layihənin icrası müddətində ona qonşu ərazilərdə, eləcə də layihənin həyata keçirildiyi ərazidə ciddi qiymət artımının müşahidə olunacağını düşünürəm”.
Qeyd edək ki, noyabrın 4-də Bakı Ekspo Mərkəzində açılan “AIREX 2026” sərgisində Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding” şirkəti Böyükşor gölü ərazisinin inkişaf konsepsiyasını təqdim edib. Bu layihə çərçivəsində metronun “Koroğlu” stansiyasının və Böyükşor gölünün yaxınlığında 6,7 hektar ərazini əhatə edən “Luna Garden” yaşayış kompleksi inşa olunacaq. Ərazisinin 60 faizi yaşıllıqdan ibarət olacaq 9 binalı kompleksin daxilində metronun yeni çıxışı da yerləşəcək.
