Yaşadığın region gələcək karyeran üçün məhdudiyyət deyil! Müasir texnologiyalar sayəsində gənclər artıq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkət və sifarişçilərlə əməkdaşlıq edə, öz bacarıqlarını beynəlxalq səviyyədə təqdim edə və məsafədən gəlir əldə etmək imkanlarından yararlana bilirlər.
Məhz bu imkanların region gənclərinə tanıdılması məqsədilə 3 noyabr 2026-cı il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Rəqəmsal Gələcək” – Region gənclərinin virtual məşğulluğuna dəstək layihəsi çərçivəsində təlim təşkil olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən icra edilən layihə gənclərin müasir əmək bazarına hazırlanmasını və onların rəqəmsal imkanlardan istifadə potensialının artırılmasını qarşıya məqsəd qoyur.
Layihə rəhbəri Vüsalə Hümbətli tədbirdə çıxış edərək virtual məşğulluğun xüsusilə regionlarda yaşayan gənclər üçün əhəmiyyətini vurğulayıb. O, layihənin gənclərin yeni biliklər əldə etməsi, fərdi inkişafı və müstəqil gəlir imkanlarının formalaşdırılması baxımından əhəmiyyətli təşəbbüs olduğunu diqqətə çatdırıb.
Təlimçi Reyhan Məmmədova isə iştirakçılara rəqəmsal dünyada mövcud olan müasir iş imkanları, virtual məşğulluq formaları və süni intellekt texnologiyalarından istifadə barədə məlumat verib. Təlim zamanı yeni texnologiyaların peşəkar fəaliyyətə təsiri, rəqəmsal alətlərin gündəlik iş prosesində tətbiqi və gənclərin bu sahədə öz potensiallarını reallaşdırmaq imkanları diqqət mərkəzində olub.
Bildirilib ki, virtual məşğulluq gənclərə yalnız yerli əmək bazarı ilə kifayətlənməmək, coğrafi məhdudiyyətləri aşmaq və beynəlxalq rəqəmsal platformalarda özlərinə yer tapmaq imkanı yaradır. Bunun üçün isə davamlı öyrənmək, rəqəmsal bacarıqları inkişaf etdirmək və texnoloji yenilikləri izləmək vacibdir.
“Rəqəmsal Gələcək” layihəsi region gənclərinin müasir dünyanın tələblərinə uyğun inkişafına, onların yeni məşğulluq modelləri ilə tanış olmasına və gələcək karyera imkanlarının genişlənməsinə dəstək göstərir.

