İsrail Müdafiə Ordusu Qəzza zolağına endirilən aviazərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının üç üzvünü öldürüb. Onlardan birinin silahlı dəstənin komandiri olduğu bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, öldürülən şəxslərdən biri müxtəlif növ silahların istehsalında iştirak edib və HƏMAS-ın istehsalat strukturunda mühüm rol oynayıb. Digər şəxslərdən biri isə təşkilatın hərbi qanadının mühəndis batalyonunun üzvü olub.
İsrail tərəfi onların İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar hazırladıqlarını, həmçinin HƏMAS-ın hərbi potensialını bərpa etməyə çalışdıqlarını iddia edib.
Ordunun açıqlamasında aviazərbələrin atəşkəs rejiminin pozulması və İsrailə qarşı təhdidlərin aradan qaldırılması məqsədilə endirildiyi bildirilib. Həmçinin zərbələrdən əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd olunub.
