Bolqarıstan parlamenti dizel və aviasiya yanacağının ixracına tətbiq edilən müvəqqəti məhdudiyyətin ləğvinə qərar verib.
Ucnoqta.az xəbər verir ki, Bolqarıstan parlamenti 31 oktyabr 2025-ci ildə qəbul edilmiş və neft məhsullarının, əsasən dizel və aviasiya yanacağının digər Avropa İttifaqı ölkələrinə ixracını məhdudlaşdıran qərarı ləğv edib. Qərar “Dövlət qəzeti”ndə dərc edildikdən sonra qüvvəyə minəcək.
Məhdudiyyət ölkənin enerji təhlükəsizliyini qorumaq, yanacaq bazarında sabitliyi təmin etmək və mümkün qiymət spekulyasiyasının qarşısını almaq məqsədilə tətbiq edilmişdi.
Bolqarıstan iqtisadiyyat, investisiya və sənaye nazirinin müavini Mihaela Karadimovanın parlamentdə bildirdiyinə görə, “Lukoyl Neftochim Burqas” neft emalı zavodunun istehsal imkanları ölkənin daxili tələbatını üstələyir. Buna görə də yaranan artıq yanacağın xarici bazarlarda satılması zəruri hesab olunur.
Parlament qərarı 121 səslə dəstəkləyib, 42 deputat əleyhinə səs verib, 23 deputat bitərəf qalıb.
